Artıq demək olar ki, bütün texnologiya şirkətləri kodlaşdırma prosesində süni intellekt alətlərindən istifadə edir və bu yanaşma sürətlə populyarlaşır. Bu yeni trendlərdən biri “vibe-coding” adlanır – kodlaşdırmanı daha yaradıcı və intuitiv hala gətirməyi hədəfləyən bir yanaşmadır.
Bu istiqamətdə öz alətini təqdim edən şirkətlərdən biri də Google olub. Şirkət, vibe-coding konsepsiyasına uyğun olaraq Opal adlı AI əsaslı alətini "eksperimental versiya" kimi istifadəçilərə təqdim edib.
Opal, istifadəçilərə sadə mətn sorğuları vasitəsilə AI ilə dəstəklənən mini tətbiqlər yaratmağa imkan verir. Bundan əlavə, istifadəçilər Google-un güclü modellərindən və qalereyada təqdim olunan hazır şablonlardan da istifadə edərək iş axınlarını daha sürətli və rahat şəkildə qura bilirlər.
Bəzi Opal üstünlükləri:
İş axının tənzimlənməsi
Proqram təminatı yaradarkən proqramçılar bir çox addımlardan, yəni iş axınından keçirlər. Opal-ın məqsədi bu addımları ola bildiyincə sadələşdirmək və vizuallaşdırmaqdır. İstifadəçi sadəcə hədəfini təsvir edərək, Opal vasitəsilə tətbiqini yarada bilir.
Düzəlişlər etmək
Yaradılmış tətbiqlərin vizuallarında dəyişikliklər etmək isə həddindən artıq sadədir. Bu işi vizual redaktor vasitəsilə asanlıqla həyata keçirə bilərsiniz. Bu alət vizuallarda dəyişiklik və ya sorğulara əlavələr etməyə imkan verir.
Paylaşmaq
Tətbiqinizi hazırladıqdan sonra onu başqaları ilə bölüşə bilərsiniz. Onlar tətbiqdən dərhal öz Google hesabları ilə istifadə edə bilərlər.
Opal təcrübəsinin təqdim etdiyi ən böyük üstünlük heç bir kod və proqramlaşdırma dilinin tələb olunmamasıdır.
Eyni zamanda nəzərə çatdırmaq lazımdırki, bunu Canva və Figma kimi bir çox şirkətlər də edib, və Google onlar ilə rəqabət aparmaq üçün Opal ilə bazara giriş edir.