PPP adətən Dövlət orqanı ilə şirkət və ya qeyri-kommersiya qurumu arasında əməkdaşlıq razılaşmasıdır. PPP dedikdə ictimai maraq kəsb edən xidməti təmin etmək üçün resursların, təcrübənin və məsuliyyətlərin paylaşılması nəzərdə tutulur. Bu tipli layihələrdə dövlət və özəl sektorlar öz güclərini birgə istifadə etmək üçün bir araya gəlirlər. Dövlət sektoru ictimai resurslarını ortaya qoyur, özəl sektor isə öz təcrübəsi ilə təmin edir.
PPP-lər layihənin və ya xidmətin xarakterindən asılı olaraq müxtəlif formalarda ola bilər. Məsələn: Uzunmüddətli tərafdaşlıqlar, müqavilə sazişləri və s. PPP həm dövlətə, həm özəl quruma, həm də ki, ictimaiyyətə fayda göstərən bir əmakdaşlıqdır. Bəs bu faydalar nədir?
Dövlət və dövlət qurumları bu kimi əməkdaşlıqdan ən çox fayda əldə edən tərəfdir. Başlıca olaraq, dövlət qurumları əməkdaşlıq olan layihədə tam nəzaratə sahibdirlər və ümümi prosesə tam təsir edə bilərlər. Belə ki, bu birgə fəaliyyət ilə onlar büdcəyə qənaət edərək sosial əhəmiyyətli işləri tamamlaya bilirlər. Ən müasir texnologiyalarla çalışan özəl sektordakı şirkətlərdən istifadə edərək dövlət xidmətlərinin keyfiyyəti artırılır, proseslər getdikcə rəqəmsallaşır.
Özəl sektor bu əməkdaşlıq vasitəsi ilə dövlət qurumları ilə əlaqə yaradır və dövlət qurumları ilə birgə işlədiyindən layihənin statusu daha da artmış olur. Bundan başqa özəl şirkətlər dövlət zəmanəti ilə güzəştli kreditlər əldə edərək layihəyə büdcə vəsaiti cəlb edə bilər. İctimaiyyət endirimli qiymətlərlə yüksək keyfiyyətli xidmətlərdən istifadə edə bilir.
PPP-lər sosial ehtiyacların qarşılanmasında və effektiv idarəetmənin inkişafında mühüm rol oynayır. Bu kimi əməkdaşlıqlara daha çox təşviq edilərsə, hər iki sektor da bundan xeyli dərəcədə faydalana bilər.