Hal hazırda süni intellekt geniş şəkildə istifadə olunur, amma məlumat məxfiliyi insanlarda böyük narahatlıq doğurur.
Artıq hər kəs nəinki gündəlik tapşırıqlar, psixolojik problemləri barədə də süni intellekt ilə söhbət edir, məsləhət alır. 2024 Oh Behave hesabatı göstərir ki, insanların 65%-i süni intellektlə əlaqəli kibercinayətkarlıqdan narahatlıq keçirir və insanların əksəriyyəti (55%) süni intellektdən təhlükəsiz istifadə ilə bağlı heç bir təlim keçməyib.
Ümumiyyətlə, etdiyimiz hər şey məlumat yaradır. Hər hansısa şəkli bəyəndikdə, paylaşıma şərh yazdıqda siz məlumat (data) yaradırsınız. Bir çox şirkətlər isə bu məlumatları istifadə edərək müştərilərinin davranışlarını anlamağa çalışır. Amma bu nöqtədə insanlarda məlumatlarının məxfiliyi barədə narahatlıq yaranır. Buna misal olaraq, Amazon-un Alexa xidməti bir istifadəçinin səs yazılarını və transkriptlərini səhvən başqa bir şəxslə paylaşmışdı. Bu halda Aİ bir müştərinin məlumatlarını 3-cü şəxs ilə paylaşmış, məxfilik hüququnu pozmuşdu.
Süni intellekt ənənəvi proqram təminatından fərqli olaraq sizin məlumatlarınızı gələcək modelləşmələrdə istifadə etmək üçün emal edir və saxlayır. Yəqinki, süni intellektə yeni bir məlumat verdikdə “memory saved” ifadəsini görmüsünüz. Bununla süni intellektdə sizin məlumatlarınız üçün yaddaş yaranır və bu onun gələcək cavablarına təsir edir. Başqa bir tərəfdən bu məlumatlar istəmədən başqa istifadəçilər ilə paylaşılmış ola bilər.
Bəs Aİ bu məlumatların məxfiliyini qorumaq üçün nə edir ?
Şifrələmə (Encryption)
AI sistemlərinə daxil olan və oradan çıxan bütün məlumatlar TLS (Transport Layer Security) kimi şifrələmə protokolları ilə qorunur. Bu, məlumatların ötürülməsi zamanı üçüncü şəxslərin onu oxumasının qarşısını alır.
Məlumatların Öyrədici Modellərdə İstifadəsinin İdarə Edilməsi
Ən yaxşı AI sistemləri (məsələn, OpenAI) istifadəçilərə “training data” üçün istifadəni deaktiv etmək imkanı verir. Beləliklə, sizin daxil etdiyiniz məlumatların gələcək modellərdə istifadə olunmasının qarşısını almaq mümkündür.
Giriş və kimlik doğrulama sistemləri
Məlumatların yalnız səlahiyyətli şəxslər tərəfindən görülməsi üçün parol qoruması, çoxfaktorlu identifikasiya (MFA), IP məhdudiyyəti kimi üsullardan istifadə olunur.
Ümumiyyətlə, süni intellekt güclü vasitədir. Amma insanlar daha ağıllıdır. Xüsusilə həssas məlumatlar mövzu olduqda bu texnologiyanı istifadə edərkən diqqətli olmaq lazımdır. İstifadə zamanı paylaşdığınız məlumatlara diqqətli yanaşmalı, şirkət qaydalarına uyğun hərəkət etməli və təhlükəsizliyi hər zaman ön planda tutmalısınız. Bunlara əməl edərək, həm məlumatlarınızı riskə atmayacaqsınız, həm də maksimum fayda əldə edəcəksiniz.